“Erasmus Mundus Joint Master Degree” nədir?

0
258

Erasmus Mundus Joint Master Degree (EMJMD) sözsüz ki Avropanın ən prestijli təqaüd proqramlarından biridir. Birdən çox ölkədə təhsil almaq şansı verdiyinə və təklif etdiyi proqramların keyfiyyəti və müxtəlifliyinə əsasən EMJMD təqaüd proqramları arasında ən yaxşılardan hesab olunur. Bu təqaüdü aldığınız halda həm təhsil haqqınız qarşılanır, həm aylıq 1000 avro təqaüd alırsınız, həm də səyahət və sığorta xərcləriniz ödənilir.

Lakin ölkəmizdən EMJMD təqaüdünü almaq şansına çox az tələbə sahib olur. Bu həm proqramın tələblərindən, həm müraciətlərin sayının çox olmasından, həm də həmyerlilərimizin belə bir proqramın varlığından xəbərsiz olmasından qaynaqlanır.

Onu deyə bilərik ki, EMJMD-ya müraciət etmək asandır, hər bir şəxs rahatlıqla özü müraciət edə bilər. Çətin olan məqamlara isə aşağıda açıqlıq gətiririk.

İlk olaraq “birdən çox ölkədə təhsil almaq” dedikdə nəyin nəzərdə tutulduğuna toxunmaq lazımdır. Təqaüd proqramları adətən birdən çox ölkədə təhsil imkanı verirsə bu o deməkdir ki, proqram bir neçə ölkənin universitetlərindən birində təhsil almaq üçün sizə təqaüd verə bilər. Məsələn, Visegrad təqaüdü 4 ölkədən hər hansı birində (Polşa, Çexiya, Slovakiya və Macarıstan) yerləşən universitetdən qəbul aldığınız zaman sizə təhsil xərclərinizi ödəmə şansı verir. Beləliklə, bu 4 ölkədən sadəcə birində təhsil ala bilirsiniz. Əlavə olaraq, Visby, Chevening kimi təqaüdlər və bəzi ölkələrin dövlət təqaüd proqramları da mövcuddur. Bu təqaüdlər sadəcə bir ölkəni əhatə edir. Məsələn, siz Visby-yə müraciət edirsinizsə öncədən bilirsiniz ki, Visby təqaüdü yalnız İsveç üçün nəzərdə tutulub. EMJMD isə sizə birdən çox ölkədə oxumaq şansı verir: EMJMD proqramına qəbul olduqda siz təhsilinizin ilk ilini bir, digər ilini isə başqa bir ölkədə davam etdirirsiniz. Bəzi hallarda isə 2-dən artıq ölkədə təhsil ala bilərsiniz. Məsələn, komandamızın üzvlərindən birinin qəbul aldığı European Politics and Society proqramı 4 ölkədən (Polşa, Çexiya, Hollandiya və İspaniya) 3-ündə oxumaq şansı verir.

Digər bir məsələ isə EMJMD-nin hansı sahələri əhatə etməsidir. Bunun üçün şərh bölməsində qeyd etdiyimiz linkə daxil olmağınız kifayətdir. Linkə daxil olaraq siz EMJMD-yə daxil olan bir çox fərqli master dərəcələri ilə yaxından tanış ola bilərsiniz. Sahənizə uyğun olan proqramın internet səhifəsdən proqrama daxil olan universitetlər, qəbul üçün zəruri olan tələblər və son müraciət tarixi haqda məlumat ala bilərsiniz. Qeyd edək ki, son müraciət tarixinə diqqət yetirin çünki təqaüdün son müraciət tarixi ilə ümumi son müraciət tarixi dəyişir.

EMJMD-yə daxil olan hər bir proqramın tələbləri, əhatə etdiyi ölkələr və son müraciət tarixi fərqlidir. Lakin bəzi göstərcililər var ki, bunların olması hər bir tələbənin qəbul şansını yüksəldə bilər.

Hansı göstəricilərə diqqət etməli?

  • Yüksək GPA. Yenə qeyd edirik ki, bu, hər bir proqramda fərqli ola bilər lakin EMJMD-yə laiq görülən tələbələrin ortalaması adətən yüksək olur. Məsələn, bu il European Politics and Society proqramına qəbul olan namizədin oralaması 96-dır. Keçən il başqa bir EMJMD proqramına qəbul olan tələbələrdən birinin ortalaması 98 digərininki isə 92 olmuşdur. Beləliklə, bu nəticəyə gəlmək olar ki, bu proqrama müraciət edən tələbələrin GPA göstəricisi nə qədər yüksək olarsa, qəbul şansı bir o qədər çoxalar.
  • İş təcrübəsi. Şübhəsiz ki, prestijli təqaüd proqramlarının demək olar əksəriyyəti sahə üzrə iş təcrübəsinə önəm verir. EMJMD də onlardan biridir. Bəzi EMJMD proqramları var ki tələblər arasında iş təcrübəsini mütləq tələb olaraq qeyd edir. Bəziləri isə iş təcrübəsinin olmasının arzuolunan olduğunu qeyd edir. Hətta bəzilərində iş təcrübəsi ilə bağlı məlumat verilmir. Lakin onu da unutmayın ki, iş təcrübəsi sizin müraciətinizə yalnız müsbət təsir edə bilər. Əlbəttə işlədiyiniz qurumdan da çox şey asılıdır. Məsləhətimiz daha çox beynəlxalq təşkilatlarda, qurumlarda əldə edilmiş təcrübədən yanadır.
  • Dil bilikləri. EMJMD-yə müraciət etməzdən əvvəl dil səviyyənizi təsdiq edən sertifikat (IELTS, TOEFL kimi) almağınız mütləqdir. Bəzi EMJMD proqramları yalnız ingilis və ya fransız dili, bəziləri isə birdən çox dil bilmənizi tələb edir. Lakin qeyd edək ki, proqramların əksəriyyətində təhsil ingilis dilindədir.
  • Güclü motivasiya məktubu. Motivasiya məktubunun önəmindən çox bəhs etmişik və yaxşı motivasiya məktubunun necə yazılmalı olduğu barədə bir neçə yazımız var. Lakin qeyd etmək lazımdır ki, EMJMD-də motivasiya məktublarının xüsusi əhəmiyyəti var. Bu məktubu konsortiumun (proqrama daxil olan universitetlər) bütün üzvləri dərindən araşdırır və qəbulunuz üçün ortaq qərar verir. Beləliklə siz elə bir məktub yazmalısınız ki, məktubda proqrama daxil olan hər bir universitetin maraqlarına uyğun olduğunuzu göstərəsiniz. Əgər həm Çexiya, həm Polşa həm də Hollandiya universitetlərinin daxil olduğu bir proqrama müraciət edib motivasiya məktubunuzda “Qərbi Avropa”ya marağınızdan yazsanız, normal olaraq Çexiya və Polşanın diqqətini çəkə bilməyəcəksiniz. Və ya məktubunuzda daha çox Hollandiyada yerləşən Leiden Universitetində oxumaq arzunuzdan bəhs etsəniz, bu yalnız o universitetin namizədinin marağını cəlb edəcək. Beləliklə ən əsas məsələ konsortiuma üzv olan hər bir universitet təmsilçisinin diqqətini çəkməkdir. Bunun üçün təhsil alacağınız hər bir universitet üçün original və kreativ bir paraqraf ayırın. Niyə məhz o ölkə, niyə məhz o universitet?

Məktubunuzda master thesis-inizi hansı mövzu üzərində quracağınızdan, ümumilikdə hansı sahəyə marağınızın olduğundan, gələcəkdə necə araşdırmalar edə biləcəyinizdən danışın. Bu fikirləri internetdən kopyalamayın, çalışın daha original olsunlar.

Əlavə olaraq, birdən çox universitetdə təhsil almağın müsbət yanlarından, EMJMD almağın üstünlüklərindən, bu proqramın sizə nələr qata biləcəyindən də yazmağı unutmayın. Lakin mütləq olaraq nəzərə alın ki, bu EMJMD-dır, yəni digər təqaüd proqramlarından fərqlənir. Buna görə də daha original və kreativ olun.

  • Tövsiyə məktubları. Bu məktubların da necə yazılmalı olduğu haqda yazımız var. EMJMD yə göndərilən tövsiyə məktublarında diqqət edilən məqam isə məktubu kimin yazdığıdır. Çalışın tövsiyə məktubunuzu aldğınız şəxsin peşəkaqlığına, tanınmasına və gördüyü işlərə diqqət edin. Bəzi universitetlər var ki, açıq aşkar elan edir ki, onlara tövsiyə məktubunu yazan şəxsin titulundan çox məktubda nə yazıldığı önəmlidir. Əksər EMJMD proqramları isə həm tövsiyə məktubunun yazılışına, həm də yazan şəxsin “profil”inə diqqət edir.
  • Bitirdiyiniz universitet. Bitirdiyiniz universitetin dünya universitetləri arasında neçənci yerdə olduğu, daha aydın desək, universitetinizin ranking-i də bəzən önəm daşıyır. Məsələn, European Politics and Society proqramı tələbənin bitirdiyi universitetin ilk 600-lükdə olmasını üstün tutur.
  • Akademik fəaliyyət. Akademik fəaliyyət yalnız imtahanlardan keçmək və yüksək GPA sahib olmaq deyil. Akademik həyatında fəal olan tələbələr müxtəlif yay məktəblərində, konfranslarda iştirak edir və ən əsası, öz bilik və bacarıqlarını ona məxsus akademik yazılar, araşdırmalar vasitəsilə sərgiləyir. Hələ bu yazılar, araşdırmalar akadmeik jurnallarda, saytlarda dərc olunarsa bu, tələbə üçün böyük uğur olar. Bir çox EMJMD proqramı tələbələrdən yazı nümunəsi tələb edir. Adətən bu nümunə sahə ilə bağlı yazılmış bir “essay” və ya “research paper” olur.

Bir şeyi də nəzərə alın ki, proqramların bir çoxunda application fee mövcuddur. Yəni, müraciət etmək üçün müəyyən miqdarda ödəniş etməli olacaqsınız. Bu da proqramdan asılı olaraq dəyişir.
Bütün yuxarıda qeyd edilənləri nəzərə aldıqdan sonra EMJMD-yə necə müraciət etməli?

İlk olaraq qeyd etdiyimiz linkə https://eacea.ec.europa.eu/erasmus-plus/library/scholarships-catalogue_en daxil olaraq sahənizə uyğun proqramı seçin və onun internet səhifəsinə keçid edin. Proqram haqda ətraflı məlumatı oxuduqdan sonra tələbləri gözdən keçirin. Əgər tələblərə uyğunsuzsa proqrama müraciətin açılacağı günü gözləyin və gecikmədən müraciət edin. Əgər bütün tələblərə uyğun deyilsinizsə proqrama son müraciət gününə kimi əskik olan sənədlərinizi tamamlayaraq müraciət edin. Nəzərə alın ki, bəzi EMJMD proqramları sənədlərinizi həm elektron, həm də poçt vasitəsilə göndərməyinizi tələb edə bilər. Bu halda mümkün qədər tez müraciət edin. “

Aygül Salmanova

Comments

comments