Xaricdə təhsil alan tələbələrimizlə müsahibə-Aysel Novruz

0
748
  1. Özünüzü təqdim edin, zəhmət olmasa (ad, soyad, bakalavr təhsiliniz, magistr təhsiliniz)
    Aysel Novruz. CNR de Toulouse, Universite Jean-Jaures

2.Siz xarici universitetə qəbul proseduru haqqında necə məlumat əldə etmişdiniz?
Fransadakı tanışlardan imtahan proseduru haqda maraqlandım. O vaxtı (2003-cü il) indiki kimi deyildi. Facebook və ya digər şəbəkələr yox idi və bu tip məlumatları yalnız rəsmi mənbələrdən əldə etmək mümkün idi. Mən Fransaya gedən vaxtları Alim Qasımov, Validə Abbasova gedirdi hələ, təyyarədə tələbələr belə olmurdu. Sıxıcı idi hər şey. )

3.Qəbul proseduru barədə məlumat verə bilərsiniz?

Normalda bütün Avropa və Amerikaya olduğu kimi burda da dil imtahanı lazımdır və o TCF Test de connassance du français adlanır Fransa üçün. A1-A2 B1-B2 C1-C2 səviyyələri var. Əvvəllər A2 ilə belə magistra qəbul olmaq olurdusa da indi minimum B1 tələb edirlər. Fransız dili üzrə oxumaq istəyənlər üçün isə tələb B2-dir.
Sadəcə qabiliyyət imtahanı tələb edən fakultələrdə ixtisas imtahanı olur.
Universitet seçiminə gəldikdə isə bu sizin müraciət etdiyiniz ixtisasdan asılı olmalıdır. Məsələn, musiqişünaslıq üzrə ən yaxşı universitet Toulouse şəhərindədir. Kimya üçün Strasburg, siyasi elmlər və hüquq Parisdə, Strasbourgda, Toulouseda, fransız dili ixtisası Monpelyedə, Tuluzda, Qrenoblda daha yaxşıdır. Yəni bütün ixtisaslar üzrə ən yaxşısı Sorbon deyil. 

4.Niyə bu ixtisası seçdiniz?

Mənim iki ixtisasım var. Pianist və fransız dili. Birinci uşaqlıq arzum idi. İkinci isə təsadüfən qəbul olub oxumuşdum. İndi isə sadəcə bu ixtisas üzrə işləyirəm – fransız dili müəllimiyəm yəni.

5.Niyə məhz Fransa?
Fransa İngiltərə və Amerika, fransız dili isə ingilis dili deyil. Onu məqsəd üçün deyil, istədiyin üçün oxuyursan. Fransanı seçən tələbələrin həmişə digərlərindən fərqi olur. Həyata baxışları, xasiyyətləri, temperamentləri ilə çox seçilirlər. Fransız dili burjua, elit dilidir əsrlərdir və bu belə olaraq da qalır.
Mən də bütün Fransa sevərlər kimi bu ruhda doğulmuşam. Arzum olub uşaqlıqdan. Baxmayaraq ki, ora getməm, 10 il yaşamam planlaşdırılmamış və daha çox “qismət” adlandırdığım bir şey idi.

6.Fransaya yeni gedəndə “culture shock” yaşadınız?
Hə, əlbəttə. Yuxarıda dediyim kimi o vaxt çox az adam gedirdi. Mən 11-ci sinfi yenicə bitirmişdim, evdəkilərin saçımı kəsdirməyə qoymayan vaxtlarım idi. Parisə çatdım. Ömrümdə ilk dəfə don geyinib saqqalını hörən kişi gördüm. Cənuba qatarla gəlirdim. İlk dəfə gördüm ki, pəncərə tərəfdə qız yox oğlan oturub və cütlükdə oğlan qızı deyil, qız oğlanı qucaqlayıb sığallayır. Düşənə kimi mat-məəttəl onlara baxmışdım ki, niyə bunlarda tərsinədir. 

7.Fransanın təhsil sistemi haqqında məlumat verə bilərsiniz?
Yaralı yerimdir. Bizdə niyə o əjdahadan yoxdur deyə. 
Sərbəstlik və yaradıcılıq var. Tələbə hər şeydən əvvəl şəxsiyyət və fərd kimi yetişir. Oxuduğu kitabın tutuquşusuna çevrilmir. Orda “recherche” çox güclüdür. Hər məlumatı, hər faktı axtarmalı, fərqli müəllifləri araşdırmalı və sonda da mütləq öz fikrini arqument gətirərək söyləməlisən. Mühazirələrdə milçək uçsa eşidilir. Hər kəs öz qeydlərini alır və kimsə kimsəyə qeydini vermir. Orda universiteti bitirəndə artıq həqiqətən mütəxəssis olursan.
Və ikinci sevdiyim məqam, ildən ilə keçmək ənənə deyil. Bizdə heç oxumayan da bitirir universiteti, gecə-gündüz oxuyan da. Orda isə elə deyil. Qəbul olmağa nə var ki? Ürəyin istəyən fakultədə get, otur. Amma bitirmək çətin məsələdir. Bəzən ola bilər qrupun yarıdan çoxu növbəti ilə keçməsin.

8.Fransada xarici tələbələrə iş imkanları, yaşam şərtləri necədir? Ümumiyyətlə, əcnəbilərə münasibət barəsində nə deyə bilərsiniz?
Xarici tələbə həftəyə maksimum 20 saat işləyə bilər. Yaşam şərtləri yaxşıdır, əgər evdə yeməyinizi özünüz bişirməyi planlaşdırırsınızsa. Ayda 600 avroya əla yaşamaq olar. Hər bir halda sən ora kef etməyə deyil, oxumağa getmisən.
Əcnəbilərə münasibət universitetdə əladır. Heç bir fərq yoxdur. Universiteti bitirdikdən sonra əcnəbi olduğunu hiss edə bilərsən. Bu başqa və geniş mövzudur.
Yeri gəlmişkən deyim ki, Fransa yeganə Avropa şəhəridir ki, orda yerli və xarici tələbələrə sosial yardım şərtləri eynidir.

9.Sonda xaricdə təhsil ilə bağlı gənclərimizə nə məsləhət görərdiniz?
Nə olur olsun, getmək üçün getməsinlər. Əvvəl-axır dönəcəklər. Seçdikləri ixtisas mütləq öz ürəklərincə olsun və məqsədləri aydın, konkret olsun. Həyatda iş və eş təsadüfi seçilə bilməz. Məni üzən, bu gün əksəriyyətin getmək üçün hər hansı ixisasa yönlənməsidir.
Və nəzərə alsınlar, Azərbaycanda universitetə girmək, xaricdə isə onu qurtarmaq hünər istəyir.

10.Təşəkkür edirik.
De rien. (dəyməz – fransızca)

Comments

comments