Müsahibə – Nurlan Puçakov – Mançester Universiteti

Bu dəfəki müsahibəmizi Mançester Universitetində tam təqaüdlə oxumuş Nurlan Puçakovdan aldıq.

0
1070

Nurlan 1993-cü il təvəllüddür, orta məktəb təhsilini Balakəndə başa vurub və 613 balla Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına daxil olub. Daha sonra buradakı bakalavr təhsilini 2-ci kursda yarımçıq qoyub, maliyyə və mühasibat uçotu ixtisasında təhsil almaq üçün həmən ixtisas üzrə dünyanın ən yaxşı universitetlərindən biri olan Mançester Universitetinə yollanıb.

  • Nurlan, siz xarici universitetə qəbul proseduru haqqında necə məlumat əldə etmişdiniz?
  • Mənim bir neçə dostum var idi ki, universitetə qəbul olandan sonra Kanadada oxumağa getmək istəyirdilər. Əvvəlcə onlardan bəzi şeyləri öyrəndim. Çünki, ondan qabaq mənim IELTS, TOEFL kimi imtahanlardan heç məlumatım yox idi. Daha sonra başladım ingilis dilimi inkişaf elətdirməyə. Öz üzərimdə çalışırdım, həm də akademiyada keçilən ingilis dili də çox yaxşı idi. Ümumiyyətlə, ilkin məlumatlardan başqa bütün məlumatları özüm araşdırıb öyrəndim. IELTS kurslarını, universitetləri, proseduru və s. Lakin birinci ilimdə xarici universitetdən qəbul ala bilmədim, çünki gecikdim.
  • Aydındır. Bəs niyə bu ixtisası seçdiniz?
  • Əslində mənim həvəsim orta məktəbdən maliyyəyə idi. Mənə dedilər ki, turizm ixtisasını seçsəm dövlət təqaüdünü qazanmaq şansım çox olacaq. Mən isə düşündüm ki, sevmədiyim ixtisası oxumaqdansa, ya burdakı təhsilimi davam etdirim, ya da şansımı sınayım
  • Bəs niyə məhz İngiltərə?
  • Mənə dedilər ki, Almaniyanı seçsən qəbul şansın daha çoxdu, çünki universitet pulsuzdur. Amma mən ingilis dilli ölkədə oxumaq istəyirdim. Kanada və Avstraliyada araşdırdığım bakalavr ixtisasları 4 illik idi, İngiltərədə isə 3 illik və mən İngiltərəni seçməyə qərar verdim. Çünki, mən artıq 2 il oxumuşdum, vaxt itirmək istəmirdim.
  • Bəs Mançesteri niyə seçdiniz?
  • Londonda oxumaq üçün ayrılan təqaüd xərclər üçün kifayət qədər deyildi deyə digər şəhərlərdəki universitetləri axtardım. Böyük Britaniyada bakalavr təhsilinə müraciət üçün UCAS sistemi var idi, eyni anda 5 universitetə müraciət edə bildim. 3 universitetdən qəbul aldım. Mançester, York və Durham Universitetləri. Mən Mançesteri seçdim.
  • İngiltərəyə yeni gedəndə “culture shock” yaşadınız?
  • Xeyr, universitet hər şeyi elə təşkil etmişdi ki, biz özümüzü rahat hiss edək və nə lazım olsa kömək edirdilər. Hətta aeroportda bizi qarşılaşmışdılar və qaldığım yer universitetin kampusu idi deyə gedəcəyim yerə aparmışdılar.
  • Təhsil sistemi haqqında məlumat verə bilərsinizmi? Necə adaptasiya ola bildiz?
  • Düzü əvvəl qorxurdum ki, orda sözün əsl mənasında oxumaq lazımdır. İkinci kəsrdən sonra təqaüd kəsilirdi. Amma, təhsil sistemi elə idi ki, səni imtahana hazırlayır, yəni bilirsən ki, nəyi oxumalısan ki, imtahandan keçəsən. Müəllimlər çox açıq öyrədirdilər ki, nəyi öyrənsək daha çox bal yığacağıq və s. Hər fənndən bir kitab var idi ki, onu alıb oxuyurduq ki, imtahandan keçək. Lakin, Bakıda hər fənni bir neçə kitabdan keçirdik, bəzən kitab tapılmırdı və s. Beləliklə, oxuya bilmirdik. Ən əsası, universitetin mərkəzləşmiş sistemi var idi. Hər tələbə öz profilindən mühazirələri, dərslərin qeydlərini, müəllimin göndərdiyi qeydləri görə bilirdi. Dərsdə hansısa vacib mövzunu qeyd etməmişəmsə, sonradan bu sistemlə təkrar-təkrar oxuya bilirdim. Mühazirələr video ilə qeydə alınıb, yüklənirdi. Beləliklə, universitetə gedə bilməsəm də, dərsi öyrənə bilirdim. “Workshop”lar olurdu, praktiki suallar işləyirdik və bu yolla imtahana hazırlaşırdıq. İmtahanlar bu “workshop”ların əsasında hazırlanırdı. Bunlara yaxşı hazırlaşsan, imtahandan da yaxşı bal yığırdın. Bundan başqa, əzbərçiliyi sevmirlər. İmtahanda sənə “formula sheet” verirlər, bütün formulaları görürsən, sənə bircə qalır onu nə cür işlətmək. Həqiqətən də, praktikada sən formulaları əzbər bilmirsən, sadəcə sən bilməlisən hansı məqamda sənə hansı formula lazımdır və aldığın rəqəm sənə nə deyir.
  • İngiltərədə universitetlər təcrübə proqramı tapmağa nə dərəcədə kömək edir?
  • Universitet əslində deməzdim heç kömək etmir, amma əksər işi tələbə özü görməlidir. Universitetin “career service” şöbəsi var ki, sənə müsahibədən keçməyinə kömək edir. Hansı şirkətin təcrübə proqramına qatılacaqsansa, onun müsahibəsinin simulyasiyası olur və müsahibədən keçməyə kömək edirlər.
  • Niyə Böyük Britaniyada xarici tələbələr üçün iş tapmaq çox çətindir?
  • Burada işləyə bilmək üçün iş vizası lazımdır və işçini sadəcə böyük şirkətlər maliyyələşdirməyə razı olur. O şirkətlərə isə təxminən 10000 namizəddən cəmi 15-20 nəfər götürülür. Dünyanın hər yerindən burda işləmək üçün müraciət edənlər olur. Bundan başqa, burada universitetlər çox güclüdür və məzunları çox savadlı olduğu üçün rəqabət həddən artıq çox olur. Üstəgəl, sənə iş tapmaq üçün vaxt verilmir, tələbə vaxtı işi tapmalı və müraciət etməlisən, əks halda vaxt çatmır və sentyabrda məzun olursansa oktyabr, noyabrda ölkəni tərk etməlisən. Bütün bunlar proseduru çox çətinləşdirir.
  • Son olaraq, bizim tələbələrə nə məsləhət görərdiniz xaricdə təhsil ilə bağlı?
  • Xaricdə təhsil almaq istəyən yoxsa xaricdə təhsil alıb-almamaq arasında qalan?
  • Hər ikisi.
  • Birincisi, tələbə müəyyənləşdirməlidir ki, niyə xaricdə təhsil almaq istəyir. Əgər məqsədi biliyini inkişaf etdirib, peşəkar olmaqdırsa, bu, başa düşüləndir, amma təhsil adı ilə gəzmək istəyirsə, bu məqsədi düzgün hesab etmirəm. Çünki, xaricə getmək üçün təhsil almağın vacib deyil. Digər vacib məsələ ingilis dili öyrənməsidir. Daha sonra, xaricə getsələr bundan maksimum istifadə edib ixtisaslarını öyrənməlidirlər. Məncə, xaricdə oxumaq yaxşı iş tapmaq üçün 100% faiz vacib bir şey deyil. Xaricdə oxumadan da, o təhsilə yiyələnmək olar. Əlbəttə ki, prestijli universitetdən diplom almaq iş tapmaq şansını artırır, xaricdə yaşamaqla dünyagörüşün artır və s. Lakin, hamı xaricdə təhsil almaq istəyir deyə sən də xaricə gedəsən fikri düzgün deyil. Azərbaycanda yaşaraq da eyni ədəbiyyatları oxuyub o təhsilə yiyələnə bilərsən. Məqsədin ixtisasa yiyələnməkdirsə, kitabları oxumağın kifayətdir. Məndən neçə nəfər olub ki, soruşub hansı kitablardan istifadə edirsiz, demişəm və elektron versiyalarını göndərmişəm. Əlbəttə yaxşı olar ki, bunun sübutu olsun, diplomun olsun, lakin xaricə getməyin çox da vacib deyil. İxtisası öyrənib, xaricə getmədən də, xaricdə iş tapa bilərsən. Sadəcə çox çalışaq lazımdır.

Comments

comments