Almaniyada təhsil

0
2168
Almaniya Avropanın mərkəzi hissəsində yerləşən , 16 əyalətdən ibarət olan və 80 milyondan artıq əhalisi olan ölkədir. Ölkə təkcə gözəl landşaftı və mənzərələri ilə deyil, həmçinin inkişaf etmiş iqtisadiyyatı və maraqlı meqapolisləri ilə diqqəti cəlb edir.
Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Həmçinin, Almaniya beynəlxalq tələbələr arasında da dünyada üçüncü ən populyar təhsil ölkəsidir. Belə ki, Almaniya universitetlərində təhsil alan tələbələrin 12 faizindən çoxu xarici tələbələrdir.
Bəs niyə Almaniya?
Beynəlxalq tələbə və şagirdlərin bu ölkəni seçməklərinin əsas 6 səbəbi aşağıdakılardır:
1.Yüksək keyfiyyət.
Almaniya universitetləri həm infrastruktur, həm də dərs metodikası cəhətdən dünyada ən yaxşılar hesab olunur və müxtəlif şirkətlər tərəfindən hazırlanan illik reytinq cədvəllərinin bu ölkənin universitetləri üçün formal xarakter daşıdığı deyilir. Səbəb isə onların hər birinin ən yüksək səviyyəli proqramlar təklif etməsi və buna görə də, onları ümumilikdə müqayisə etməyin doğru olmamasıdır.
2. Pulsuz təhsil almaq imkanı.
2014-cü ildə qəbul olunan qərara görə, Almaniya ərazisində yerləşən dövlət universitetlərdə hətta beynəlxalq tələbələr üçün təhsil haqqları götürüldü və bununla da ölkədə olan 400-ə qədər universitetin təxminən 5 faizini təşkil edən özəl ali təhsil müəssisələrindən başqa qalan bütün universitetlərdə pulsuz təhsil almaq imkanı yarandı. Buna baxmayaraq, bütün tələbələr standart təxminən 200 euro civarında “semester fee” ödəməlidirlər.
İstisna: 2017-ci ildə Baden-Württemberg əyaləti avropa birliyinə daxil olmayan ölkələrdən gələn tələbələr üçün  standart 1500 euro təhsil haqqı müəyyən etdi. Eyni qərarı yaxın gələcəkdə North Rhine-Westphalia əyalətinin də qəbul edəcəyi gözlənilir.
3. Beynəlxalq dərəcədə tanınan diplomlar.
Bütün Almaniya universitetləri Bolonya sistemini tətbiq edir və bu da tələbələrə dünyanın hər yerində yüksək dərəcədə qiymətləndirilən diplomlar almağa imkan verir.
4.İngilis dilində təklif olunan proqramlar.
Geniş yayılan stereotipin əksinə olaraq, Almaniyada çoxsaylı ingiliscə proqramlar mövcuddur. Bu barədə aşağıda daha ətraflı yazmağa çalışacam.
5.Təhsil müddətində işləmək imkanı.
Avropa birliyinə daxil olmayan ölkələrdən olan tələbələr sözügedən ölkədə 190 tam və ya 240 yarım gün işləmək hüququna malikdir. Əksər tələbələr “minijob” adlanan aylıq 450  euro qazana bildikləri işləri seçir , çünki  bu halda onlar vergi ödəmirlər və bu işlər həftəlik 15-20 saatdan artıq olmur. Lakin, onu da qeyd etmək lazımdır ki, iş tapmaq üçün ən azı B1 Alman dili biliyinə ehtiyac duyulur. Əgər tələbə yerli dili bilirsə iş tapmaq heç də çətin deyil və maddi çətinlikləri olan əksər tələbələr gəldikləri 2-ci ,3-cü aydan işləməyə başlayırlar.
6. Bitirdikdən sonra ölkədə qalıb işləmək imkanı.
Almaniyada universiteti bitirdikdən sonra hər kəsə 18 ay iş axtarmaq üçün vaxt verilir və əgər bu müddət ərzində iş tapa bilirsinizsə ölkədə yaşam izni alıb qalmaq mümkündür. ( amma belə bir məqsədinizin olduğunu səfirlikdə intervyuda deməyin 😊)

 

Universitetlər
Almaniyada universitetlər iki yerə bölünür:
1. Universitetlər
2. Tətbiqi elmlər universitetləri. (University of Applied Sciences)

Qısaca ,universitetlər nəzəri yönümlü olduğu halda University of Applied Science’lar əsasən praktik yönümlü olur, dərs deyən müəllimlər həmin sahədə işləyən şəxslər olur və normalda tələbələrə təhsil müddətində şirkətlərdə  bir neçə ay müddətində təcrübə keçmək imkanı yaradırlar ki, bu da təhsil alanların gələcək karyeralarına kifayət qədər müsbət təsir edə bilər. Lakin ,tətbiqi elmlər universitetində bakalavr oxuyan tələbənin sonradan PhD oxumaq imkanınınn olmamasını və bu universitetlərdə oxuyan tələbə sayının normalda 10.000-i keçmədiyini qeyd etməkdə fayda var .
Bakalavr.
Almaniyada bakalavr proqramları normalda 3 il, tətbiqi elmlər universitetlərində isə 3 il yarım davam edir və əsasən almanca təklif olunur. Buna baxmayaraq bəzi universitetlərdə (əksəriyyəti tətbiqi elmlər olmaqla) xüsusilə biznes və iqtisadiyyat yönümlü ingiliscə təklif olunan ixtisaslar da tapmaq mümkündür.(tibb və hüquq təhsili xaric)
Qəbul şərtləri
Azərbaycanlı bir şagirdin Almaniyada bakalavr proqramlarına baş  vura bilməsi üçün 12 il təhsilə ehtiyyacı var və məktəbdən sonra lazım olan həmin 1 ili Azərbaycanda və ya xaricdə istənilən universitetdə doldurmaq mümkündür. Qeyd etmək yerinə düşər ki, bir il ərzində təhsil aldığınız ixtisas Almaniyada müraciət etmək istədiyiniz ixtisasa oxşar olmalıdır. Məsələn , Azərbaycanda biznes təhsili alıb Almaniyada kompyuter elmlərinə müraciət edə bilməzsiniz.
Müraciət etmək üçün , almanca ixtisaslara TesDaf 4 , ingiliscə ixtisaslara IELTS 6,5 (bəzi hallarda 6) , motivasiya məktubu, 9,10,11-ci sinif transkripti, attestat, 12-ci ili doldurduğunuz universitetdə birinci kursun transkripti lazımdır.
*P.S qəbul şərtləri ümumi götürülmüşdür və universitetdən universitetə dəyişə bilər.
İkinci yol isə , məktəbdən sonra Almaniyada yalnız  “studienkolleg” adlanan hazırlıq kursu oxumaqdır. Lakin, “studienkolleg”lər yalnız almanca olur və qəbul olmaq üçün B2 alman dili sertifikatına ehtiyac duyulur.
Magistr.
Almaniyada kifayət qədər həm ingiliscə, həm də almanca təklif olunan magistr proqramları mövcuddur və magistratura təxminən 2 il davam edir.
Qəbul şərtləri.
İngiliscə ixtisaslara qəbul üçün IELTS 7 ,almanca ixtisaslara qəbul üçün TesDaf 4,  bakalavr diplomu, bakalavr transkripti, motivasiya məktubu , tövsüyyə məktubu , universitetdən asılı olaraq , GRE , GMAT nəticəsi tələb olunur.
*P.S. Qəbul şərtləri magistr proqramları üçün də ümumi götürülmüşdür və universitetdən asılı olaraq dəyişir. Ən yaxşısı , hər universitetin öz saytına nəzər salmaqdır.
Hər birinizə uğurlar! 🙂

Comments

comments