Uzaqlarda bir gəncin çörək axtarışı – Murad Aslanlı, Debrecen Universiteti.

0
2387

Ölkə:  Macarıstan

Şəhər: Debrecen

Universitet: University of Debrecen

Həmyerlimiz: Murad Aslanlı

Murad, bakalavr təhsilinə yüksək bal toplayaraq qəbul olduğu Bakı Dövlət Universitetinin “Dünya İqtisadiyyatı” ixtisası üzrə start verib. 1-ci kursu bitirdikdən sonra isə Təhsil Nazirliyinin xüsusi islahat layihəsi olan “SABAH” qruplarına qəbul olaraq təhsilini UNEC-də eyni ixtisas üzrə davam etdirib və bu universitetdə müvəffəqiyyətlə təhsil alaraq universiteti fərqlənmə ilə bitirib. Universitet illəri boyunca 10-a yaxın xarici tədbir və proqramlarda iştirak edərək ölkəmizi beynəlxalq arenada təmsil edib. O dövrdən başlayaraq xaricdəki təhsil səviyyəsini müşahidə etmək arzusunda olub və beləliklə də təhsilini Macarıstanın ən nüfuzlu universitetlərindən olan Debrecen Universitetində davam etdirmək qərarına gəlib. Hal-hazırda Murad Macarıstanda yerləşən “Tempus Fondu”-nun həyata keçdirdiyi “ Stipendium Hungaricum” təqaüd proqramı ilə təhsil alır.

 

  • Murad, zəhmət olmasa universitetə qəbul prosesi haqqında bizə bir qədər məlumat verin.
  • Universitet və təqaüdə qəbul prosesi mərkəzləşmiş bir platforma üzrə aparıldığından birbaşa  müraciət etdim. İlk öncə Təhsil Nazirliyinin müsahibəsindən, daha sonra isə universitetlərin seçim prosesindən keçdim və yekun qərarı da “Tempus Fondu” verdi. Tələb olunan sənədlər əksər universitetlərə müraciət üçün gərəkli olan sənədlər idi; transcript, CV, dil sertifikatı, motivasiya məktubu və s.
  • Debrecen universitetində təhsil almağın üstünlükləri və çətinliklıəri nələrdir?
  • Mənim üçün ən vacib üstünlüklərdən biri ixtisasımda əlavə olaraq biznes sahəsinin də olmasıdır. Universitetin təhsil sistemindən məmnunam, gözləntilərimlə üst-üstə düşür. Çətinliklərə gəldikdə isə onu deyə bilərəm ki, bir neçə əsas ixtisas fənnlərimiz var, hansı ki ilk başdan dərsi qavramaq olduqca qəliz idi. Lakin müəyyən bir vaxtdan sonar bir alışqanlıq yarandı və bunun öhdəsindən gəldim. Daha sonra qrup işlərlə, mütaliə ilə çətinliyi aradan aparmaq olur. Mən əsasən biznes yönümlü fənnlər seçməyə çalışıram.
  • Macarıstanda yaşamaq və təhsil almaq bir əcnəbi tələbə üçün nə dərəcədə asandır?
  • Təbii ki, xaricdə təhsil almağın öz çətinlikləri var. Yəni hər şey instagram şəkillərindən göründüyü kimi deyil. Mədəniyyətdən tutmuş  məişətə, ictimaiyyətə qədər fərqliliklər var. Nəticə etibarı ilə öz vətənindən, daimi komfort zonandan kənarda 0-dan yenidən həyat qurmağa çalışırsan. Qeyd edim ki , buraya qədər dediklərimi birmənalı olaraq vətəndən kənarda, dünyanın istənilən yerində təhsil alan tələbələrə aid etmək olar. Yaşadığım yerlə bağlı öz təcrübəmdən deyə bilərəm ki, yaşadığım şəhər butik bir tələbə şəhərciyi olduğundan sosial, peşəkar, ictimai imkanlar olduqca məhduddur və daima extra-curricular fəaliyyətlərlə məşğul olan biri olaraq bundan nigaranam. Yerli əhali yəni Macarlar  kifayət qədər mühafizəkar millətdir mənim fikrimcə, onlara inteqrasiya etmək biraz zaman aparır. Ümumiyyətlə, biz etnik olaraq istiqanlı və emosional, yüksək dəyər verib paylaşan millətik. Bunu başqa mühitdə gözləmək  okeanda mirvari axtarmağa bənzəyir, ona görə də biz mühitə öyrəşməliyik.
  • Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
  • Boş vaxtlarımda əsasən mütaliələr etməyə, müxtəlif sahələr üzrə araşdırmalar aparıram. Yuxarıda sadaladığım səbəblərə görə sosial imkanlar çox deyil, ona görə də çoxlu həm işgüzar həm də turistik səyahətlər edirəm. Şəxsi inkişafıma özüm təkan verməyə çalışıram.
  • Yaşadığınız şəhərdə yaşam şərtləri necədir, qida, mənzil, nəqliyyat və s.?
  • Yaşadığım şəhərdə yaşayış xərcləri o qədər yüksək deyil, bizə ayrılan təqaüdlə artıqlamasıyla yaşamaq mümkündür. Ərzaq qiymətləri bizə nəzərən valyuta fərqinə görə biraz yüksəkdir. Nəqliyyat və telekommunikasiya sistemi olduqca yaxşı və səmərəlidir. Ümumiyyətlə bütöv götürsək Macarıstan çox yüksək yaşayış standartlarına malik deyil, ən azından hələ ki..
  • Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyyə edərdiniz?
  • Demək istəyirəm ki, qərarsız olmaq lazım deyil, planlar çərçivəsində məqsədyönlü hərəkət etmək lazımdır. Lap yeri gəlsə A, B, C yox, hətta M planı belə hazırlasınlar. Təhsilin məqsədlərə aparan bir vasitə olduğunu, hər şeyin yenə özümüzdən asılı olduğunu unutmasınlar və təhsil alacaqları universiteti, ixtisası, yeri diqqətlə seçsinlər. Daima təşəbbüskar olub hərəkətə keçmək lazımdır. O zaman uğura nail ola bilərlər.

 

Comments

comments